London'da Azərbaycan-Türkiyə qardaşlıq axşamı
Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov çıxış edərək qarşıdan gələn 8 noyabr - Zəfər bayramı münasibətilə həmvətənlərimizi təbrik edib. Zəfər bayramının çağdaş tariximizin ən önəmli səhifələrindən olduğunu qeyd edən səfir bu zəfərin müəllifinin Ali Baş Komandan İlham Əliyev və Azərbaycan xalqı olduğunu vurğulayıb. Şəhidlərimizə rəhmət və qazilərimizə can sağlığı diləyən diplomat Azərbaycan xalqının bu zəfər bayramının bütün türk dünyasının sevinci olduğunu deyib.
29 oktyabr Cümhuriyyət Günü münasibətilə Türkiyə icmasının nümayəndələrini təbrik edərək səfir Azərbaycan və Türkiyə xalqlarının bir ailə olduğunu qeyd edib. O, bu qardaşlığın Oğuz xandan Səlcuq xana, Sultan Alparslandan Mustafa Kamal Atatürkə, Ulu Öndər Heydər Əliyevdən Prezident İlham Əliyevə və Prezident Rəcəb Tayyib Ərdoğana kimi əsirlər boyu davam etdiyini bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin məhz bu birliyin daha da möhkəmlənməsinə yönəldiyini söyləyib. Ümummili Lider Heydər Əliyevin söylədiyi “Bir millət, iki dövlət”, eləcə də Atatürkün söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının iki ölkənin qardaşlığının rəmzi olduğunu vurğulayıb.
Daha sonra çıxış edən Türkiyənin Britaniyadakı səfiri Osman Koray Ertaş belə bir qardaşlıq axşamı təşkil etdiyinə görə öz adından və Türkiyə icması adından Azərbaycanın Britaniyadakı səfirliyinə təşəkkürünü bildirib. Türkiyə səfiri 8 noyabr zəfər bayramı münasibətilə Azərbaycan icmasını təbrik edib. Qardaşlıq hisslərinin Azərbaycan və Türkiyə xalqının ürəyindən gəldiyini və bu duyğuların təbii olaraq davamlı şəkildə nəsildən-nəsilə keçdiyini deyən səfir Ertaş bu qardaşlığın əbədi və sarsılmaz olmasını arzulayıb.
Tədbir Azərbaycan və Türkiyə qardaşlığını öz simasında birləşdirən, Azərbaycanın əməkdar artisti, bəstəkar, pianoçu Turan Manafzadənin konsert proqramı ilə davam edib. Xocalı, Çanakkale, Nazəndə Sevgilim, Mən Səni Araram, Çırpınırdın Qaradəniz kimi musiqi parçaları səsləndirən sənətçi Qarabağ futbol komandası üçün bəstələdiyi “Qarabağ marşı” və Türkiyə Cumhuriyyətinin 100-cü ildönümünə həsr etdiyi “Türkiyə 100” marşı ilə konsert proqramını yekunlaşdırıb.
Qeyd edək ki, Turan Manafzadə bir neçə gün öncə 29 oktyabr Türkiyə Cumhuriyyət günü münasibətilə Londonda Türkiyə səfirliyi tərəfindən təşkil edilmiş rəsmi ziyafətdə də xüsusi konsert proqramı ilə çıxış etmişdir.